REGİONLAR
ABŞ-dan olan səyyah: İnanıram ki, Azərbaycan dağıdılmış yerləri yenidən abadlaşdıracaq, bərpa edəcək VİDEO
Xocavənd, 16 iyun, A.Yavərzadə, AZƏRTAC
Xocavəndə gələrkən yolboyu ətrafı seyr etdim, bu yerlərin gözəl mənzərəsi var, hər tərəf yamyaşıldır. Xüsusilə tarixi məkanlar çoxluq təşkil edir. Lakin buradakı dağıntılar məni çox məyus etdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocavəndə səfər edən ABŞ-dan olan səyyah Luisa Hyu bildirib.
“Tarixi abidələrin dağıdılması yaxşı hal deyil. Mən inanıram ki, Azərbaycan bu yerləri yenidən abadlaşdıracaq, bərpa edəcək”, - deyə o vurğulayıb.
Luisa Hyu Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Mən əvvəlcə Bakıda oldum. Şəhərin möhtəşəm tikililəri var, yaşıllıqları da çoxdur. İnsanların çöhrəsindəki təbəssüm, tanımadıqları şəxslərə xoş münasibət göstərməsi məni heyran etdi. Dadlı, ləziz yeməkləriniz var”.
Qeyd edək ki, dünyanın 10 ölkəsindən olan 24 məşhur səyyahın Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfəri başlayıb. Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveçdən olan səyyahlar 3 gün ərzində Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan marşrutu üzrə hərəkət edəcəklər.