SİYASƏT
ABŞ Konqresinin üzvü: ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər
Bakı, 11 oktyabr (AZƏRTAC). ABŞ və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi 9 oktyabr seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edən Texas ştatından olan ABŞ Konqresinin üzvü xanım Şeyla Cekson Li dövlətimizin başçısına ünvanladığı məktubunda yazmışdır.
Məktubda deyilir: “Prezident seçkiləri demokratik prosesin əhəmiyyətli bir hissəsidir. Azərbaycanda növbəti prezident seçkilərinin uğurla keçməsindən və Sizin yenidən dövlət başçısı seçilməyinizdən çox məmnunam. Bu, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsi istiqamətində atılmış növbəti mühüm bir addımdır. Bu münasibətlə Sizi təbrik edirəm”.
Konqresmen Şeyla Cekson Li yazır: “Bizim ölkələr ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Bir amerikalı kimi, mən Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndirirəm.
Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub qaz dəhlizi”nin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır”.
Təbrik məktubu bu sözlərlə bitir: “Bizi müxtəliflik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlər Azərbaycan cəmiyyətində dərin köklərə malikdir. Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram”.