ELM VƏ TƏHSİL
ABŞERON YARIMADASININ RADİOEKOLOJİ VƏZİYYƏTİNƏ NEFT–QAZ İSTEHSALININ TƏSİRİ ÖYRƏNİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda akademik Həsən Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Abşeron yarımadasının radioekoloji durumuna neft-qaz istehsalının təsiri” mövzusunda keçirlən konfrans öz işini başa çatdırmışdır.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Sənaye və Energetika nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələrinin qatıldığı konfransda mövzu ilə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü Adil Qəribov AZƏRTAC–ın müxbirinə bildirmişdir ki, tədbirin məqsədi respublikanın neft və qaz istehsalı sahələrində radiasiya təhlükəsizliyi problemləri ilə əlaqədar informasiya və təcrübə mübadiləsi aparmaq, problemin aradan qaldırılmasının elmi-texniki yollarını müəyyənləşdirməkdir. 3 gün davam edən konfransda bütün bu sahələrdə çalışan əlaqədar qurumların tədqiqatlarının nəticələri müzakirə olunmuşdur. Abşeron yarımadasında radioekoloji problemlərin, əsasən neft-qaz istehsalı ilə bağlı olduğu vurğulanmış, onun nəticələrinin aradan qaldırılması üçün tədqiqat işlərinin vahid əlaqələndirmə nəzarəti altında davam etdirilməsi barədə qərar qəbul olunmuşdur. Hər il bu cür konfransların keçirilməsi tövsiyə olunmuşdur. Alınmış nəticələr müvafiq qurumlara təqdim ediləcəkdir.