ADAU-da faşizm üzərində qələbənin 81-ci ildönümü ehtiramla anılıb
Gəncə, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) şəhid tələbə və məzunların xatirəsinə ucaldılmış Şəhidlər Xatirə Kompleksinin önündə faşizm üzərində qələbənin 81-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ölkəmizin azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Torpaqşünaslıq və aqrokimya fakültəsinin dekanı Xaliq Xəlilov Azərbaycan oğullarının cəbhədə göstərdikləri şücaətdən, arxa cəbhədə xalqımızın fədakar əməyindən, həmçinin qələbənin qazanılmasında ölkəmizin mühüm rolundan danışıb. Fakültə dekanı gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin vacibliyini vurğulayaraq, tarixi hadisələrin öyrənilməsinin əhəmiyyətinə diqqət çəkib.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Kafedra müdiri xalqımızın II Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edərək, 44 günlük Vətən müharibəsində bütün dünyanın bunun bir daha şahidi olduğunu qeyd edib.
İctimai fənlər kafedrasının əməkdaşları Sevda Abdullayeva və baş müəllim Çinarə Səfərova çıxışlarında faşizm üzərində qələbənin qazanılmasında ön və arxa cəbhələrdə iştirak edən həmvətənlərimizin xidmətlərindən, Bakı neftinin müharibənin taleyinin həllində oynadığı mühüm roldan, xalqımızın qəhrəman oğul və qızlarının keçdiyi şərəfli döyüş yolundan ətraflı danışıblar.
Aqrar iqtisadiyyat fakültəsinin I kurs tələbələri Hüseyn Cavadov və Mədinə Nadirova da mövzu ətrafında çıxış edərək, şeirlər səsləndiriblər.