BDU-da “Açıq qapı” günləri başa çatıb
Bakı, 6 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə keçirilən “Açıq qapı” günləri başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iyulun 28-də, eləcə də avqustun 4-6-da təşkil olunan “Açıq qapı” günlərində 909 abituriyent iştirak edib.
Tədbirdə iştirak edən abituriyentlərdən 299-u qəbul imtahanlarında 200-400, 496-sı 400-600, 114-ü isə 600 və daha yüksək bal toplayıb.
“Açıq qapı” günləri çərçivəsində universitet əməkdaşları tərəfindən abituriyentlər üçün məlumatlandırıcı sessiyalar təşkil edilib, ixtisas seçimi ilə bağlı suallar cavablandırılıb. Hər gün keçirilən sessiyalar və kampusdaxili ekskursiyalar zamanı iştirakçılara universitetin akademik və sosial fəaliyyəti, eləcə də tələbələr üçün yaradılan təhsil imkanları barədə ətraflı məlumat verilib.