ELM VƏ TƏHSİL
“ADNSU Yay məktəbi-2017”nin açılış mərasimi olub
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə “ADNSU Yay məktəbi-2017”nin rəsmi açılış mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Tədbirdə ADNSU-nun və DAAD-ın rəsmiləri, Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, SOCAR-ın əməkdaşları, eləcə də yay məktəbinə seçilən tələbələr iştirak ediblər.
Universitetin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə bildirib ki, Azərbaycan, Almaniya, Türkiyə, Peru və İtaliyadan bu təşəbbüsə qoşulan 21 tələbə yay məktəbində “Postneft dövrünün iqtisadiyyatı” mövzusunda çıxışlar edəcək. Həmçinin SOCAR, BP, Strateji Araşdırmalar Mərkəzi və digər qurumların əməkdaşlarının müvafiq mövzu ilə bağlı çıxışları gözlənilir. Yay məktəbi ərzində akademik hissə ilə yanaşı, iştirakçılar üçün mədəni tədbirlərin də təşkili nəzərdə tutulub. Belə ki, onlar üçün Səngəçal terminalı, dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi Bibiheybət, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eləcə də Şəkiyə ekskursiyalar təşkil olunacaq.
ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov qeyri-neft sektorunun inkişaf etdiyi bir vaxtda yay məktəbində çıxışların, veriləcək təkliflərin ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb. O, yay məktəbi dövründə təşkil ediləcək mədəni tədbirlərin əcnəbi tələbələrin Azərbaycanının tarixi yerlərini görmələri, adət-ənənəsi ilə tanış olmaları baxımından önəmini vurğulayıb.
DAAD-ın Bakı bürosunun rəhbəri Ştefani Düfo “ADNSU Yay məktəbi-2017”nin təşkilinin təmsil etdiyi qurum ilə ADNSU arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini deyib. Bu cür layihələrin təşkilində daim öz dəstəyini əsirgəməyən ADNSU-nun rektoru, professor Mustafa Babanlıya minnətdarlığını bildirən Ş.Düfo belə tədbirlərin davamlı olacağına inandığını bildirib.
Qeyd edək ki, “ADNSU Yay məktəbi-2017” avqustun 11-dək Bakının Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Humanitar Fənnlər Gimnaziyasında davam edəcək. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən ödənilib.