ELM VƏ TƏHSİL
ADU-da “Dini tolerantlıq” mövzusunda təqdimat keçirilmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) “Dini tolerantlıq” mövzusunda təqdimat keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Hindistan, Səudiyyə Ərəbistanı və İsrailin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Universitetin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri təqdimatla çıxış edərək, dörd din - İslam, xristian, iudaizm və hinduizm dinləri və onların ortaq xüsusiyyətləri haqqında məlumat vermişlər. Sonra tələbələr Hindistanda keçirilən Karvaço, israillilərin Yomkipur, Polşada qeyd olunan Pasxa bayramları və müsəlmanların müqəddəs Ramazan bayramı, bu bayramların yaranma tarixi barədə danışmışlar. Tədbirdə həmçinin, müxtəlif ölkələrdə bayramlara hazırlıq, bayram adət-ənənələri, mərasimləri, bayram atributları haqqında hind, polyak, yəhudi, ərəb və ingilis dilində maraqlı məlumatlar verilmişdir.
Tələbələrin ifasında milli Azərbaycan rəqsləri ilə yanaşı, hind, polyak, ərəb rəqsləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.