REGİONLAR
Ağcabədidə kiçik ailə-fermer cins heyvandarlıq təsərrüfatları yaradılır
Ağcabədi, 18 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 9 süni mayalanma texniki tərəfindən 4766 baş inək və düyə süni yolla mayalandırılıb, 2653 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” cinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək 5 min başdan çox heyvanın süni mayalandırılması nəzərdə tutulub.
Bundan başqa, bu il rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 67 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib. Rayonun Təzəkənd kəndində isə kiçik ailə-fermer cins heyvandarlıq təsərrüfatlarının yaradılması layihəsi həyata keçirilir. Artıq 25 ailə-fermer təsərrüfatı üçün tövlələr tikilib, yem bazası yaradılıb. Bu ayın sonunadək təsərrüfatlara 200 baş cins heyvanın gətirilməsi nəzərdə tutulur.
Görülən tədbirlər nəticəsində Ağcabədi rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.