SİYASƏT
AĞCABƏDİDƏ MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Ağcabədi, 15 iyun (AZƏRTAC). Ağcabədi şəhərinin mərkəzi meydanında 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Tahir Rzayev və Sevindik Hətəmov, Ağcabədi və Laçın rayon ictimaiyyəti nümayəndələri iştirak etmişlər. İştirakçılar əvvəlcə ümummilli lideri Heydər Əliyevin mərkəzi meydandakı abidəsi önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Ağcabədi və Laçın rayon icra hakimiyyətlərinin başçıları Şahin Məmmədov və Ramiz Cəbrayılov mərasimdə çıxış edərək, 1993-cü ilin ictimai-siyasi hadisələrindən danışmış, görkəmli siyasi xadim Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın parçalanmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, anarxiyadan qurtulduğunu diqqətə çatdırmışlar.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etmişdir. Sonda ümummilli liderin zəngin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.