Ağcabədili gənclər hərbi xidmətə yollanıblar
Ağcabədi, 19 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 18-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsində rayon ictimaiyyətinin, valideynlərin iştirakı ilə gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yola salınması mərasimi olub.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ruslan İsmayılov və valideynlər çıxış edərək, gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik ediblər. Çıxışlarda sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açılıb, gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.
Çağırışçılar hərbi xidmətə yollandıqları üçün fəxr etdiklərini deyərək, Vətənə layiqincə xidmət edəcəklərini, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşmən işğalından azad etməyə hər an hazır olacaqlarını bildiriblər.
Konsert proqramından sonra çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək hərbi xidmətə yola düşüblər.