REGİONLAR
Ağcabədili məzunlardan 391-i tələbə adını qazanıb
![](/files/galleryphoto/2017/2/1200x630/15041782252432137647_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/150417822578792234_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/15041782254936159_1200x630.jpg)
![](/files/galleryphoto/2017/2/1200x630/1504178225333611817_1200x630.jpg)
Ağcabədi, 31 avqust, AZƏRTAC
Ağcabədi rayon Mədəniyyət Mərkəzində bu il respublikanın ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində xatirə şəkli çəkdiriblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Tahir Rzayev, təhsil şöbəsinin müdiri Solmaz Rəhimova və başqaları tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar diləyib, bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə ediblər.
Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1170 məzundan 624-ü, əvvəlki il məzunlarından isə 128-i ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 391-i tələbə adını qazanıb. Gənclərdən 37 nəfəri 500-600 arası, 27 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin məzunları Arzu Məmmədzadə 700 bal, Aysun Bədəlova 685 bal, Köyük kənd tam orta məktəbin məzunu Aytəkin Hacıyeva 680 bal, 9 nömrəli tam orta məktəbin məzunu Samir Sultanov 665 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər. Ali məktəblərə qəbul olanların faiz göstəriciləri Ağcabədi şəhər 2, 3, 4, 5, 9, 11 nömrəli, Hindarx qəsəbə 1 nömrəli, Qaravəlli, Rəncbərlər, Pərioğullar, Cəfərbəyli, Köyük və Kəbirli kənd tam orta məktəblərində daha yüksək olub.
Qeyd edilib ki, vətənpərvərlik tərbiyəsi Ağcabədi ümumtəhsil məktəblərində ən vacib vəzifə kimi qarşıya qoyulub. Bunun nəticəsidir ki, hərbi məktəblərə maraq ildən-ilə artır. Bu il 5 nəfər ali hərbi məktəblərə, 3 nəfər isə hərbi liseylərə daxil olub.
Tədbirdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnib ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Altı yüzdən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri verilib.