REGİONLAR
Ağdamda fəal gənclər mükafatlandırılıblar
Ağdam, 1 fevral, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə, həmçinin Azərbaycanın gənc Milli Qəhrəmanı Canpolad Rzayevə həsr olunmuş “Qarabağ Şahinləri” kitabının təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin gənc əməkdaşlarının, Milli Qəhrəman Canpolad Rzayevin ailə üzvlərinin, gənc qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov gəncləri 2 Fevral - Gənclər Günü münasibətilə təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb. Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə digər çıxış edənlər də gəncləri təbrik edib, Milli Qəhrəman Canpolad Rzayevin döyüş yoluna nəzər salıblar. Sonda rayonun ictimai siyasi həyatında fərqlənən bir neçə gənc Ağdam Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilib.
Gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.