REGİONLAR
Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO
Füzuli, 15 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin sükutla anılması ilə başlayıb. Festivalın keçirilməsində məqsəd təhsilalanların yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların estetik zövqünün formalaşdırılması və incəsənətə marağının artırılması, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıblar. Ümummilli Liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyi xüsusi olaraq qeyd edilib. Həmçinin natiqlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə yaradılan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək bu müəssisənin iki ölkə xalqları arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildiriblər.
Daha sonra Mədəniyyət və Elm və Təhsil nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənətyönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında rəngarəng musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub.