![Ağstafada qışa hazırlığın vəziyyəti müzakirə olunub](/files/2014/2/1200x630/14091193206289538142_1200x630.jpg)
Ağstafa, 27 avqust (
AZƏRTAC). Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında qışa hazırlığın vəziyyəti ilə bağlı müzakirələr aparılıb. İclasda qeyd edilib ki, ötən il rayonun ümumtəhsil müəssisələrinin və sosial obyektlərinin təmiri və istilik sistemi ilə təchizatı məsələsi diqqət mərkəzində olub. Ağstafa şəhərindəki çoxmənzilli yaşayış binalarının giriş qapılarının yenilənməsi və pəncərələrin şüşələnməsi təmin edilib, tüstü və ventilyasiya bacalarının təmizlənməsi başa çatdırılıb. Eyni zamanda, Ağstafa şəhərinin küçələrinə yeni asfalt örtüyünün salınması və işıqlandırma sistemlərinin quraşdırılması işi də davam edir. Ötən müddətdə şəhərin 10 küçəsində yenidənqurma işləri başa çatdırılıb. Hazırda digər küçələrdə bu işlər davam etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafa şəhərində və Dağ Kəsəmən kəndində 100 yerlik uşaq bağçası və körpələr evində tikinti işləri sürətlə aparılır. Rayonun ümumtəhsil müəssisələrində əsaslı və cari təmir işləri başa çatmaq üzrədir. Yeni tikilən məktəblərin hər biri müasir istilik sistemi ilə təchiz olunur. Rayonun imkanları hesabına daha bir neçə məktəbdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb.
Ağstafanın yaşayış məntəqələrinin qazlaşdırılması işi sürətləndirilib. Hazırda 26 yaşayış məntəqəsinə qaz verilir, iki yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi davam edir. Qışa hazırlıqla bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvələrin səfərbər edilməsi təmin olunur.
İclasda payız-qış mövsümünə hazırlıq planına uyğun olaraq rayon əhalisinin içməli su, qaz, işıqla təmin edilməsi sahəsində işlərin tezliklə başa çatdırılması üçün müvafiq tapşırıqlar verilib.