DÜNYA
Aİ “TikTok” və “YouTube”da yetkinlik yaşına çatmayanların məlumatlarının qorunması ilə bağlı araşdırmaya başlayıb
![Aİ “TikTok” və “YouTube”da yetkinlik yaşına çatmayanların məlumatlarının qorunması ilə bağlı araşdırmaya başlayıb](/files/2023/3/1200x630/16995399103533940569_1200x630.jpg)
Bakı, 9 noyabr, AZƏRTAC
Avropa İttifaqı “TikTok” və “YouTube” tərəfindən yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün qanunvericilik tədbirlərinin mümkün pozulması halları ilə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, Brüssel şirkətlərdən “yeni Avropa qanunvericiliyinə uyğun olaraq yetkinlik yaşına çatmayanların, xüsusən də onların psixi və fiziki sağlamlığının qorunması ilə bağlı öhdəliklərə əməl edilməsi barədə atılan addımlar haqqında əlavə məlumat verməyi” xahiş edib.
Avropa Komissiyası daha əvvəl “TikTok”a Avropa İttifaqı Rəqəmsal Xidmətlər Aktı çərçivəsində "İsraildəki münaqişə ilə bağlı qeyri-qanuni məzmunun yayılması" ilə bağlı şübhələr barədə xəbərdarlıq göndərmişdi. Brüssel tələb edib ki, platformanın gənc auditoriyasını dezinformasiyadan qorumaq üçün təcili tədbirlər görülsün, əks halda onun operatoru sanksiyalarla üzləşəcək.
Qeyd edək ki, Avropa Komissiyası internetdəki məzmuna nəzarət etmək üçün “yeni istintaq və icra funksiyaları” qəbul edib. Sosial şəbəkə və ya digər rəqəmsal platformalar Aİ normalarını pozmaqda şübhəli olarsa, Brüssel məlumat üçün rəsmi sorğu göndərmək, dinləmələr, yoxlamalar keçirmək, konkret tədbirlər görmək, birdəfəlik və ya dövri cərimələr tətbiq etmək hüququna malikdir. Rəqəmsal Xidmətlər Aktının tələblərinə əməl edilməməsinə görə, Avropa Komissiyası Aİ-yə üzv dövlətlərdən cəmiyyətdə bu platformanı bloklamağı tələb edə bilər.