“Yaşıl dünya, təmiz səma” - dəyirmi masa
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin, Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı və “BioGarden” Aqroekoloji Turizm Mərkəzinin dəstəyi ilə “Yaşıl dünya, təmiz səma” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Şəki Regional Elmi Mərkəzindən (REM) məlumat verilib.
Dəyirmi masada Şəki REM-in direktoru Yusif Şükürlü çıxış edərək Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Sərəncamının ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra “Turizmdə yaşıl idarəetmə”, “Qlobal istiləşmə şəraitində yaşıl dünyanı qorumalı”, “Dekorativ bağçılıq aqroekoloji turizm klasteri kimi”, “Yaşıl dünyaya keçiddə özəl sektorun rolu” mövzularında məruzələr dinlənilib.
Tədbir müzakirələrlə davam etdirilib.