ELM VƏ TƏHSİL
Akademiyanın mütəxəssisləri Almaniyanın klaster təcrübəsi ilə tanış olublar
Bakı, 4 noyabr, AZƏRTAC
Almaniyanın Reyn-Vestfaliya bölgəsində Almaniya Beynəlxalq İnkişaf Kooperasiyası (GİZ) “İnnovasiyanı gücləndirmək üçün insanlara investisiya yatırmaq” adlı tədbir keçirib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin baş mütəxəssisi Samir Vəliyev və AMEA-nın İşlər İdarəsinin aparıcı mütəxəssisi Rəşid Əliyev həmin tədbirdə iştirak ediblər.
S.Vəliyev AZƏRTAC-a müsahibəsində deyib: “Biz Almaniyada tədbir çərçivəsində Enerji və Ekologiya Texnikası İnstitutu və digər müxtəlif elm, sənaye müəssisələrində keçirilən görüşlərdə, elm, sənaye və təhsilin qarşılıqlı əlaqələri ilə bağlı aparılan müzakirələrdə də iştirak etdik. Almaniyanın klaster təcrübəsi ilə yaxından tanış olduq”.
Mütəxəssis, eyni zamanda, Cənubi Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda klasterlərin tətbiqi, elm-sənaye əlaqələrinin gücləndirilməsi üçün lazım olan addımların atılması barədə geniş fikir mübadiləsinin aparıldığını da bildirib.
Xatırladaq ki, AMEA-nın Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsi elm, texnologiya və innovasiya siyasətinin formalaşdırılması və akademiyanın bu istiqamətdə apardığı işlərin keyfiyyətinin artırılması üçün dünya təcrübəsini, o cümlədən Almaniyanın klaster təcrübəsini öyrənir.