ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanmışdır
Bakı, 23 avqust (AZƏRTAC). Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri avqustun 23-də saat 16.45-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 938 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8 min 243 nəfər qəbul olunmuşdur.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı isə “Abituriyent” jurnalının 9-cu nömrəsində dərc olunacaqdır.