ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçirilmişdir
Bakı, 4 mart (AZƏRTAC). Martın 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirmişdir. İmtahan respublikanın dörd şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılmışdır.
AZƏRTAC xəbər verir ki, magistraturaya ərizələrin qəbulu internet vasitəsilə aparılmış, bakalavrlar fevralın 11-dən 21-dək “Bakalavrın elektron ərizəsi” formasını doldurmuş, fevralın 12-dən 22-dək isə təsdiq etdirmişlər.
İmtahanda iştirak etmək üçün 21 min 623 bakalavr ərizə təqdim etmişdir. Onlardan 19 min 80 nəfəri Azərbaycan bölməsi, 2 min 543 nəfəri isə rus bölməsi üzrə imtahan vermişdir. Ərizə verənlərin 10 min 154 nəfəri oğlan, 11 min 469 nəfəri isə qızdır. Bakalavrlardan 11 min 963 nəfəri cari ilin, 9 min 660 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edən bakalavrlardan ən yaşlısı 1958-ci il, ən gənci isə 1994-cü il təvəllüdlüdür.
Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçirilmişdir. Bakıda 18 min 92, Naxçıvanda 651, Gəncədə 2 min 541, Lənkəranda isə 339 bakalavr imtahan vermişdir.
İmtahanın idarə olunması üçün 144 imtahan rəhbəri, 1638 nəzarətçi-müəllim cəlb olunmuşdur.
Bütün bölgələrdə qəbul imtahanının gedişini komissiyada akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə etmişdir.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış, sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılmışdır.
Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunmuşdur.
İmtahanın nəticələri yaxın günlərdə məlum olacaqdır.