Alman faşizmi üzərində qələbənin əldə olunmasında xalqımız misilsiz xidmətlər göstərib
Bakı, 7 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 149 nömrəli məktəbin təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə müharibədə canlarını qurban vermiş insanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. Alman faşizmi üzərində qələbənin əldə olunmasında xalqımızın misilsiz xidmətlər göstərdiyi şagirdlərin diqqətinə çatdırılıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edilib.
Bildirilib ki, ölkəmizdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
Şagirdlər Böyük Vətən müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunan şeir və mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar göstəriblər.
Sonda 1941-1945-ci illər müharibəsində azərbaycanlıların qəhrəmanlığından bəhs edən videoçarx nümayiş olunub.