DÜNYA
Almaniya Ukraynaya “Gepard” özüyeriyən zenit-raket kompleksləri verib
Kiyev, 25 iyul, AZƏRTAC
Almaniya Ukraynaya “Gepard” özüyeriyən zenit-raket kompleksinin ilk partiyasını təhvil verib. Ukrayna silahlı qüvvələri, həmçinin təhvil verilən 3 kompleks üçün bir neçə min sursat alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə telemarafonun efirində müdafiə naziri Aleksey Reznikov bildirib.
Nazir qeyd edib ki, bu, Almaniyanın Ukraynaya vermək niyyətində olduğu zenit-raket komplekslərinin yalnız bir hissəsidir. Ümumilikdə Ukrayna hərbçiləri 15 alman “Gepard”ı almalıdırlar.
"Bu gün ilk üç “Gepard” rəsmi olaraq silahlı qüvvələrimizin arsenalına daxil oldu. Bunlar zenit-raket kompleksləridir ki, onlar üçün bizə on minlərlə sursat verilib. Biz ümumilikdə “Gepard” tipli 15 zenit-raket kompleksi gözləyirik. Onlardan 3-ü artıq bu gün Ukraynaya daxil olub və Ukrayna silahlı qüvvələrinin sərəncamındadır”, - deyə Reznikov bildirib.
O, həmçinin vurğulayıb ki, Müdafiə Nazirliyi müasir tankların, xüsusən də “Leopard” və “Abrams”ın verilməsi üçün tərəfdaşlarla danışıqlar aparır.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev