DÜNYA
Almaniyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb
![Almaniyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb](/files/2022/1/1200x630/16424128773975454998_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Almaniyada ötən sutka ərzində COVID-19 infeksiyasına 34 min 145 yoluxma halı qeydə alınıb və bununla da ölkədə koronavirusa yoluxan insanların sayı 8 milyon nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Robert Xok adına Virusologiya İnstitutunun yanvarın 17-də dərc etdiyi məlumatda deyilir.
Həmçinin son sutka ərzində Almaniyada koronavirusdan 30 xəstə ölüb və həyatını itirənlərin sayı 115 min 649 nəfərə çatıb. Ölkədə son yeddi gün ərzində 100 min nəfərə düşən yoluxma sayı 528,2 nəfər təşkil edib ki, bu da pandemiya dövrü ərzində ən yüksək göstəricidir. Yanvar ayında Almaniyada COVID-19 infeksiyasının “omikron” ştamı dominantlıq etməyə başlayıb.
Hazırda ölkədə bəzi karantin tədbirləri qüvvədə olsa da, bu, pandemiyanın ilk üç dalğası zamanı qoyulan məhdudiyyətlərdən xeyli yumşaqdır. Bu tədbirlər əsasən peyvənd olunmayan vətəndaşlara aiddir. Onların restoranlara, teatrlara və konsertlərə girişi məhdudlaşdırılıb.
Qeyd edək ki, Almaniya Kansleri Olaf Şolts bu il məcburi vaksinasiyaya nail olmaq niyyətində olduğunu bildirib.