“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub



Bakı, 3 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyində Niderlandın “Philips” şirkətinin Rusiya, Belarus, Qafqaz və Mərkəzi Asiyada Rəqəmsal səhiyyə üzrə baş meneceri Dmitri Lisoqorla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun modernləşdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Rəqəmsal texnologiyaların bütün dünyada səhiyyə sektorunun inkişafı üçün prioritet olduğunu qeyd edən nazir, bunun gələcəkdə səhiyyənin ən mühüm elementi kimi yer alacağını vurğulayıb: “Rəqəmsallaşma səhiyyə xərclərini artırmadan xidmətlərin əlçatanlığını və keyfiyyətini təmin edir. Eyni zamanda, rəqəmsal tibbin inkişafı dövlətin iştirakı olmadan mümkün deyil. Son illər Azərbaycanda elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atılıb”.
T.Musayev səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsini Səhiyyə Nazirliyinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, Niderland Avropa ölkələri arasında səhiyyənin rəqəmsallaşdırılması üzrə lider mövqe tutur: “Niderlandın beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həlləri təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək”.
“Philips”in rəqəmsal səhiyyə üzrə regional rəhbəri təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin “Philips” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.