DÜNYA
Anasının bətnində ölən uşaq sonradan dirilmişdir
Bakı, 4 iyul (AZƏRTAC). Həkimlərin anasının bətnində öldüyünü düşündükləri uşaq cərrahiyyə əməliyyatından bir neçə saniyə sonra nəfəs almağa başlamışdır. Çəkisi 500 qram olan körpə ana bətnində ölü olsa da, qeysər kəsimi əməliyyatı ilə doğulandan sonra qışqıraraq ağlamışdır.
AZƏRTAC xəbər verir ki, uşağın anası 21 yaşlı Aleks Consdur. O, hamiləliyin 6-cı ayında olanda adi müayinə zamanı həkimlər demişlər ki, bətnindəki körpə iki həftə əvvəl ölmüşdür.
Cons vurğulamışdır ki, bu sözdən sonra şoka düşmüşdüm. Müayinəyə qədər özümü əla hiss edirdim. Bətnimdəki körpənin vəziyyətinin də normal olduğunu düşünürdüm. Nə baş verdiyini anlamırdım və kimsə də normal izahat vermirdi. Sadəcə, deyirdilər ki, bətnimdəki uşaq ölmüşdür.
Mertir-Tidvil şəhərindəki klinikanın 10 həkimi israrla bildirmişlər ki, Aleks təcili cərrahiyyə əməliyyatına məruz qalmalı, onun bətnindəki ölü döl çıxarılmalıdır. Aleksin 49 yaşlı anası demişdir ki, onlar körpənin şəhər məzarlığında dəfninə hazırlaşırdılar.
Əməliyyatın aparıldığı "Prince Charles Hospital,"ın həkimi bildirmişdir ki, çox mürəkkəb əməliyyatdan bir neçə saniyə sonra uşaq nəfəs almağa başlamışdır. İlk dəfədir belə hadisə ilə qarşılaşıram. Hadisənin nadirliyi odur ki, anasının bətnində cəmi 6 ay qalan, çəkisi 500 qram olan uşağın nəbzi yox idi, amma o, özünə gələrək nəfəs almağa başlamışdır.
Anadan olmuş oğlana Koen adını qoyublar və o, inkubatora yerləşdirilmişdir. Burada 5 aylıq reabilitasiya kursu keçmiş Koenin durumu indi normaldır. Ekspertlərin dediklərinə görə, Koenin doğuluşu mamaçalıq və ginekologiya tarixində çox nadir hadisədir. Həkimlərdə də günah yoxdur: ana bətnindəki uşağın nəbzi çox sakit vurduğundan onun sağ olub-olmadığını hətta ən mürəkkəb avadanlıq belə, müəyyənləşdirə bilməmişdir.