MƏDƏNİYYƏT
Ankarada “Mirzə Fətəli Axundzadə ili”nin elan olunması mərasimi keçirilmişdir
Ankara, 27 yanvar (AZƏRTAC). TÜRKSOY-un Ankaradakı baş ofisində “Mirzə Fətəli Axundzadə ili”nin elan olunması mərasimi keçirilmişdir.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov mərasimi açaraq bildirmişdir ki, təşkilat hər il türk dünyasının bir görkəmli ədibinin daha yaxşı tanıdılması üçün onun adına il elan edir və ənənəvi tədbirlər keçirir. 2012-ci il görkəmli Azərbaycan mütəfəkkiri və dramaturqu Mirzə Fətəli Axundzadənin adına ithaf olunmuşdur. Bu çərçivədə türkdilli ölkələrdə müxtəlif tədbirlər keçiriləcək, görkəmli ədibin əsərlərindən ibarət kitablar nəşr olunacaqdır.
Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolas Rurua Mirzə Fətəli Axundzadənin həyatının Tbilisidə keçdiyini, əsərlərini də burada yaratdığını söyləmişdir. Onun sözlərinə görə, görkəmli dramaturqun xatirəsi gürcülər üçün də əzizdir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Mirzə Fətəli Axundzadə ili” elan etdiyi üçün TÜRKSOY-a Azərbaycan xalqı və hökuməti adından təşəkkürünü bildirmiş, görkəmli dramaturqun həyat və yaradıcılığından bəhs etmişdir. Nazir demişdir ki, ölkəmiz TÜRKSOY-un bütün layihələrinin ən fəal iştirakçısıdır və gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəkdir.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay 2012-ci ilin bütün türk dünyasında “Mirzə Fətəli Axundzadə ili” elan olunmasını əlamətdar hadisə kimi qiymətləndirmiş, ümidvar olduğunu bildirmişdir ki, cari il Azərbaycan ədəbiyyatının türkdilli ölkələrdə təbliği üçün mühüm tədbirlərlə yaddaşlarda qalacaqdır.
Sonra görkəmli dramaturqun həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Zaman Əsgərli və Egey Universitetinin professoru Yavuz Akpinar məruzələrlə çıxış etmişlər.
Mərasim iştirakçıları Azərbaycan muğam ustalarının ifasını dinləmiş, Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışında iştirak etmişlər.
Sonda türkdilli ölkələrin mətbuat nümayəndələrinə TÜRKSOY-un mükafatları təqdim olunmuşdur. Azərbaycandan mükafata layiq görülənlər arasında “Trend” analitik informasiya agentliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin müxbiri Vüsalə Quliyeva da vardır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara