CƏMİYYƏT
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub
![AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub](/files/2023/3/1200x630/17024727591417045211_1200x630.jpg)
Bakı, 13 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Çin Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının həmin ölkəyə ixracına icazə əldə olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ÇXR-in müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan Respublikası ərazisində epizootoloji monitorinqlər, risk təhlilləri, tədqiqatlar, müəssisələrin qiymətləndirilməsi, məhsullar üzrə baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi və digər tədbirlər həyata keçirilərək görülən işlər barədə hesabatlar müqabil tərəfə təqdim olunub.
Həmçinin AQTA nümayəndə heyəti ilə Çin sahibkarlarından ibarət nümayəndə heyəti arasında 2023-cü il mayın 18-də fitosanitar və baytarlıq nəzarətində olan məhsulların bu ölkə bazarlarına ixracı barədə müzakirələr aparılıb, mayın 19-da isə ÇXR-ə quş əti idxalına maraqlı olan idxalçıları ilə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında görüş və 5 quşçuluq təsərrüfatına baxış keçirilib.
ÇXR-in Baş Gömrük İdarəsi, Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi AQTA tərəfindən təqdim edilmiş müvafiq hesabatları və tədqiqat nəticələrini əsas götürərək ölkəmizin bütün ərazisində yüksək patogen quş qripinin mövcud olmadığını təsdiqləyib. Bununla da Çinin müvafiq qurumunun 2006-cı il 619 saylı qərarı ləğv edilib.
Yeni qərara əsasən, ÇXR-in qida təhlükəsizliyi ilə bağlı qanun və tələblərinə uyğun gələn Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq məhsullarının idxalına 2023-cü il dekabrın 8-dən etibarən icazə verilir.
Sahibkarların diqqətinə çatdırılır ki, Çinə quş əti və digər quşçuluq məhsullarının ixracı, eyni zamanda müqabil ölkənin qida təhlükəsizliyi üzrə qanunvericiliyi ilə tanış olmaq, həmçinin metodiki kömək üçün agentliyə müraciət edə bilərlər.