SİYASƏT
Araz Əzimov: Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir
Bakı, 3 mart (AZƏRTAC, Anar Rzayev). Dağlıq Qarabağ münaqişəsini Sumqayıt hadisələri ilə eyniləşdirmək yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən söyləmişdir.
A.Əzimov demişdir: “Sumqayıt hadisələrinin səbəbləri, mahiyyəti, faktları, ümumiyyətlə, reallıqları hamıya bəllidir. Sumqayıt hadisələrini Xocalı soyqırımı ilə eyniləşdirmək yenə də ikili standartlardan xəbər verir. Ümumiyyətlə Xocalı faciəsi “Twitter” sosial şəbəkəsində müzakirə mövzusu deyildir. C.Uorlik bu vəzifədə təzədir və münaqişə barədə həqiqətləri diqqətlə öyrənməli və bunu bəyanatlarında nəzərə almalıdır”.
Xarici işlər nazirinin müavini bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərini nəzərdən keçirməlidirlər. Onlar münaqişənin həli ilə bağlı daha ciddi addımlar atmalıdırlar.