SİYASƏT
AŞPA-NIN MONİTORİNQ KOMİSSİYASININ İCLASINDA ERMƏNİSTAN HAKİMİYYƏTİNİN FƏALİYYƏTİ İLƏ BAĞLI TƏNQİDİ MƏRUZƏ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komissiyasının iclasında həmməruzəçilərin və Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin Ermənistanın qurumun son qətnaməsini yerinə yetirməsi ilə bağlı məruzə təqdim olunmuşdur.
Sənəddə Ermənistanın ölkədəki problemlərin həlli ilə bağlı heç bir iş görmədiyi narahatlıqla ifadə olunmuşdur. Məruzədə həmçinin hələ də Ermənistandakı həbsxanalarda mart hadisələri ilə bağlı müxalifətçilərin saxlanıldığı, ümumilikdə, mitinqlərə aidiyyatı olmayanların həbs olunmaları da qeyd olunmuşdur. Məruzədə hadisələr zamanı 10 nəfərin ölməsi ilə bağlı heç bir cinayət işinin açılmaması da yer almışdır.
Böyük Britaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Mayk Hankok bildirmişdir ki, Ermənistan demokratik prinsiplərə riayət edəcəyi barədə verdiyi sözə hələ də əməl etməmişdir. O demişdir ki, ölkədə keçirilmiş prezident seçkilərində saxtakarlıq hallarına yol verilməsi insanları məlum addımları atmağa vadar etmişdir. Əgər Ermənistan demokratik ölkə olsaydı, bu məsələləri həll edərdi.
Diplomat, Ermənistanda mart hadisələrindən bəri həbsdə olanlarla bağlı narahatlığını da ifadə etmişdir.