SİYASƏT
AŞPA-nın yaz sessiyası öz işinə başlamışdır
Strasburq, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlamışdır. Sessiyanı açan AŞPA sədri Jan-Klod Minon rəhbərlik etdiyi qurumun qış sessiyasından sonrakı dövrdəki fəaliyyətindən danışmışdır. Fransalı deputat AŞPA-nın son vaxtlar Suriyada baş verən hadisələrdən ciddi narahatlığını da diqqətə çatdırmışdır. O, həmçinin Moldovaya və Avropa Parlamentinin yığıncağı ilə əlaqədar Brüsselə etdiyi səfərlərin nəticələri haqda da ətraflı məlumat vermişdir.
Sonra deputatlar gündəliyə çıxarılan Aralıq dənizində itirilən həyatlar, qadınlar və kişilər arasında bərabərlik, Avropada vətəndaşlıq fəaliyyətinin genişləndirilməsi, idmanda etik normalar, Şimali Qafqazda məcburi köçkünlərin vəziyyəti və onların doğma yerlərinə qayıtmaları və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Sessiyada Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Böyük Britaniyanın xarici işlər naziri Devid Lindinqtonun hesabatı dinləniləcəkdir. Mərakeşin xarici işlər və sosial inkişaf, ailə, qadın və həmrəylik nazirlərinin, Bosniya-Herseqovinanın xarici işlər nazirlərinin sessiyada çıxışları nəzərdə tutulmuşdur.
Sessiyada büronun fəaliyyəti ilə bağlı hesabat da dinlənilmişdir. Hesabat ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov AŞPA-da böyük nüfuza malik olan Rusiyada keçirilmiş prezident seçkilərinin digər ölkələrə də təsir etdiyini vurğulamış və mühüm dəyişikliklərin baş verdiyini diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinə də toxunan nümayəndə heyətinin rəhbəri bizim üçün önəmli məsələnin münaqişənin həlli olduğunu demişdir. O, AŞPA sədri Jan-Klod Minona münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycan və Ermənistanın qurumdakı nümayəndə heyətləri arasında görüşün təşkilinə dair təşəbbüsünə görə minnətdarlığını bildirmişdir. Səməd Seyidov AŞ-nin üzvü kimi, Azərbaycan nümayəndə heyətinin həmişə münaqişəyə dair belə iclasların və müzakirələrin, həmçinin Ermənistan nümayəndə heyəti ilə də müzakirələrin tərəfdarı olduğunu demişdir. O, iki ildir ki, Ermənistan nümayəndə heyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox önəmli məsələni müzakirə etməkdən boyun qaçırdığını vurğulamışdır. S.Seyidov AŞPA sədrinin görüş haqqında təşəbbüsünü nəzərə alaraq, azərbaycanlıların və ermənilərin, eləcə də Avropa Şurasının marağında olan bu formatın yaradılacağını bildirmişdir. Azərbaycan nümayəndə heyətinin sədri Ermənistan nümayəndə heyətini bu müzakirələrdə iştiraka dəvət etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq