Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH
Bakı, 3 iyul, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana Zirvə görüşünə Prezident İlham Əliyevin dəvəti Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və dövlətimizin başçısının dünya siyasətçiləri sırasında möhkəm mövqeyinin bir daha təsdiqidir. ŞƏT ərazisinə və əhalisinə görə dünyanın ən böyük ölkələrindən bəzilərini bir araya gətirən, nüfuzu və gücü artan bir təşkilatdır. Azərbaycanın bu mühüm tədbirdə iştirakı ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsini və beynəlxalq əməkdaşlığa verdiyi böyük töhfələri əks etdirir. Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almaq niyyəti ölkəmizin beynəlxalq əməkdaşlıqda daha fəal rol oynamaq istəyini nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
QHT sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, dünya səviyyəli tədbirlərdə fəal iştirak edir və mühüm qlobal məsələlərin həllinə töhfə verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrliyi bunun bariz nümunəsidir. Bu il Azərbaycanın COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi də ölkəmizə göstərilən beynəlxalq etimadın bir göstəricisidir. Azərbaycan son illər ərzində mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edərək bu etimadı dəfələrlə doğruldub. Hər bir beynəlxalq tədbir Azərbaycanın öz siyasəti və mövqeyi ilə bağlı mesajlarının bu mötəbər platformalar vasitəsilə çatdırılması və səmərəli müzakirələrin keçirilməsi üçün əlverişli imkan yaradır. Bu platformalarda Azərbaycan təkcə öz maraqlarını deyil, həm də beynəlxalq ədalətin təmin olunmasını müdafiə edir və bu istiqamətdə təşəbbüskar kimi çıxış edir.
C.Hüseynzadə bildirib ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığı çoxsahəli və hərtərəfli xarakter daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə şərait yaradıb. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır. Bu, Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə ticarət və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir. ŞƏT-in Astana Zirvə görüşü terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoq və multikulturalizmin təşviqi kimi sahələrdə əməkdaşlığı müzakirə etmək üçün əhəmiyyətli platformadır. Bu məsələlər Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında yer alır və ölkəmizin bu sahələrdəki mövqeyini daha da möhkəmləndirir.
“ŞƏT ilə əməkdaşlıq Azərbaycan üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Təşkilatın üzv ölkələri ilə ikitərəfli əlaqələrin inkişafı, xüsusilə nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycanın regionda və dünya səviyyəsində nüfuzunu daha da artırır. Azərbaycanın belə mötəbər tədbirlərdə iştirakı, həm də ölkəmizin beynəlxalq səviyyədə səsinin eşidilməsinə, mövqeyinin və prioritetlərinin geniş beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir”, - deyə QHT sədri əlavə edib.