SİYASƏT
AŞPA sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinə münasibət bildirmişdir
Strasburq, 23 aprel (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun sədri Jan-Klod Minon jurnalistlərlə ənənəvi mətbuat konfransı keçirmişdir. Fransalı deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinə münasibət bildirmişdir. O, bu alt komitənin fəaliyyəti ilə bağlı vəziyyətin aydın olmadığını qeyd etmişdir.
Qurumun sədri demişdir ki, AŞPA-nın martın 9-da Parisdə keçirilən iclasında alt komitənin fəaliyyətinin davam etdirilməsinin müzakirəsi nəzərdə tutulsa da, bu məsələyə toxunulmamışdır. O, həmçinin hər iki ölkənin AŞPA-dakı nümayəndə heyətləri ilə görüşmək təşəbbüsü ilə çıxış etdiyini və bu görüşlərin eyni vaxtda keçiriləcəyini bildirərək demişdir: “Onlarla konstruktiv bir dialoqun keçirilməsini istəyirəm. Bu görüş yaz sessiyası çərçivəsində də ola bilər. Amma Ermənistan nümayəndə heyəti ölkədəki seçkilərlə əlaqədar bu sessiyada iştirak etmir. Bu görüş yaz sessiyası çərçivəsində alınmazsa, onu AŞPA-nın iyun sessiyası çərçivəsində təşkil edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və alt komitənin fəaliyyəti ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşməyi də nəzərdə tuturam. Bunun nə vaxt olacağı haqqında hələlik bir şey deyə bilmərəm”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq