CƏMİYYƏT
Astarada Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir
Astara, 31 may (AZƏRTAC). Astara Pedaqoji Kollecində 31 may - Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev 1988-ci ildən başlayaraq mayın 31-nin Dünya Səhiyyə Təşkilatı tərəfindən Dünya Tütünlə Mübarizə Günü kimi qeyd edildiyi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, iyirmi birinci əsrdə tütün epidemiyası törətdiyi fəsadların miqyasına görə qlobal xarakter almışdır. Dünya üzrə ölüm hallarına görə siqaret ürək-damar xəstəliklərindən sonra ikinci yerdə dayanır. Tütünün tərkibində nikotindən əlavə, insan orqanizmi üçün təhlükə yaradan 7 minə qədər toksiki-kimyəvi maddə vardır ki, onlardan 19-u güclü kanserogen təsirə malik olub, bədxassəli şişlərin yaranmasına səbəb olur. Dünya Səhiyyə Təşkilatlarının hesablamalarına əsasən, hazırda dünyada təqribən bir milyard kişi, 250 milyon qadın siqaret çəkir. Tütün məhsulları iyirminci əsrdə 100 milyon insanın ölümünə yol açmışdır.
Tədbirin sonunda iştirakçılara 31 may - Dünya Tütünlə Mübarizə Günü ilə bağlı bukletlər paylanılmışdır.