SİYASƏT
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
Bakı, 13 aprel (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 13-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
Heydər Əliyev adına Beynəlxalq hava limanında AŞPA sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Mövlud Çavuşoğlu hava limanında jurnalistlərə demişdir: “Mən dəfələrlə qardaş Azərbaycanda olmuşam, amma bu mənim AŞPA sədri kimi ilk rəsmi səfərimdir. Səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, Azərbaycan ilə AŞPA arasında əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəyəm”.
AŞPA sədri səlahiyyətləri dövründə Ermənistana, Gürcüstana, Rusiyaya və digər ölkələrə səfər edəcəyini, keçirəcəyi görüşlərdə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə önəm verəcəyini bildirmişdir. M.Çavuşoğlu AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin yaradılması istiqamətində danışıqların davam etdiyini demişdir.
AŞPA sədri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Gəncə şəhərində də olacaqdır.