Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan ilə Avstriya arasında əla ikitərəfli münasibətlər mövcuddur. Azərbaycan və Ermənistan arasında hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı naminə davamlı sülh və təhlükəsizlik perspektivləri reallaşmağa yaxınlaşdıqca gələcək əməkdaşlıq imkanları artmaqda davam edəcək.
Çoxtərəfli kontekstdə, icazə verin, 2027-2028-ci illərdə BMT Təhlükəsizlik Şurasına üzvlük üçün Avstriyanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsinə görə minnətdarlığımı bildirim.
Fürsətdən istifadə edərək, Sizə və ailənizə rifah diləyir, həmçinin Azərbaycan xalqının dinc və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Aleksander Van der Bellen
Avstriya Respublikasının Federal Prezidenti