Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
Bakı, 23 sentyabr, AZƏRTAC
Çin iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır və son illərdə qlobal iqtisadi artımın təxminən 30 faizini təmin edib.
AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey ÇXR-in yaradılmasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
Səfir bildirib ki, cari ilin birinci yarısında Çinin ÜDM-i 4,7 faiz artaraq bütün il üçün nəzərdə tutulmuş hədəflərə uyğun göstəricilər nümayiş etdirib. Çin dünyanın 150-dən çox ölkəsi və regionu üçün əsas ticarət tərəfdaşı qismində çıxış edir.
“Gələcəyə nəzər salsaq, qeyd etmək lazımdır ki, Çin iqtisadiyyatı böyük daxili bazara, güclü istehsal potensialına, inkişaf etmiş infrastruktura, etibarlı insan resurslarına, eləcə də bütöv sənaye və təchizat zənciri sisteminə əsaslanan yüksək dayanıqlılıq və möhkəm təməl nümayiş etdirir. Bütün bunlar dünya iqtisadiyyatının artımına sabitlik və etibarlılıq təmin etdirməyə davam edəcəkdir”, - deyə Lu Mey vurğulayıb.
Səfir Çinin elmi-texniki innovasiyalar sahəsində də dünya lideri olduğunu qeyd edib. Onun sözlərinə görə, elmi-texniki sahədə davamlı irəliləyişlər sürətlə sənaye istehsalına tətbiq olunur və praktiki həllər tapır.
“Ən əsası odur ki, Çinin texnoloji innovasiyaları inklüziv və açıq xarakter daşıyır və biz onları beynəlxalq birliklə bölüşməyə səmimi qəlbdən hazırıq”, - deyə diplomat əlavə edib.