Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib
Bakı, 23 sentyabr, AZƏRTAC
Türkiyənin Koç Universitetinin professoru Vərqa Kələntərov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat və Fizika fakültələrinin birgə elmi seminarında “Navye-Stoks və Kleyn-Qordon tənlikləri” mövzusunda məruzə edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Məruzədə Navye-Stoks tənlikləri, qeyri-xətti Kleyn-Qordon tənliyi və onların müxtəlif modifikasiyaları üçün başlanğıc-sərhəd məsələləri, həllərin varlığı və yeganəliyi, eləcə də zamana görə asimptotik davranışı ilə bağlı elmi nəticələrə dair icmal təqdim olunub.
Professor Vərqa Kələntərov əvvəlcə Navye-Stoks problemi haqqında məlumat verib. Bildirib ki, üçölçülü fəzada Navye-Stoks tənliklərinin hamar qlobal həllərinin mövcudluğu və zəif həllərin yeganəliyi riyazi fizikanın uzun müddətdir araşdırılan fundamental problemlərindəndir.
Qeyd olunub ki, Navye-Stoks problemi Kley Riyaziyyat İnstitutunun müəyyən etdiyi yeddi “Minilliyin problemi”ndən biridir və onun həlli üçün 1 milyon ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.
Məruzədə, həmçinin bu istiqamətdə son elmi yeniliklərə toxunulub.