Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Mingəçevir Dövlət Universiteti (MDU), eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-də imzalanan və beş il müddətinə nəzərdə tutulan müqavilələrin əsas məqsədi ali təhsil müəssisələri arasında təhsil, elm, innovasiya və texnologiyaların transferi sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə mütəxəssis hazırlığının təşkili və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsidir.
Müqavilələr çərçivəsində elektrik və elektronika mühəndisliyi, energetika mühəndisliyi, kimya mühəndisliyi və mexanika mühəndisliyi də daxil olmaqla, müxtəlif ixtisaslar üzrə tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin tələbələrin tərəfdaş universitetlərdə müəyyən müddət təhsil almalarına şərait yaradılması, birgə təhsil və elmi-tədqiqat proqramlarının təşkili planlaşdırılır.
Əməkdaşlıq çərçivəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı mühəndis kadrların hazırlanması, universitetlərin elmi və texnoloji potensialının gücləndirilməsi, mövcud infrastruktur və innovasiya imkanlarından qarşılıqlı istifadənin təmin edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, tərəflər sənaye-universitet əməkdaşlığının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq layihələrdə birgə iştirak imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.