Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Latviyanın Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi tədbirdə fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb.
Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib.
Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək, AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.