Səadət Təhmirazqızı: Nizami irsi Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutub
Bakı, 23 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi irsi Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutur. XX əsrdə dahi şairin anadan olmasının 800 illiyi ilə əlaqədar Azərbaycan bəstəkarları onun zəngin irsinə geniş şəkildə müraciət ediblər. Bu istiqamətdə yaradılan dəyərli nümunələrdən biri də Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarıdır.
Bunu AZƏRTAC-a açıqlamasında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabının müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı bildirib.
Onun sözlərinə görə, mövzu ilə bağlı araşdırmalar zamanı vaxtilə “Kommunist” qəzetində Üzeyir Hacıbəylinin müsahibəsinin dərc olunduğu müəyyənləşib. Həmin müsahibədə bəstəkar Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə “İsgəndərnamə” əsəri əsasında opera yazmaq, eyni zamanda, şairin sözlərinə yeddi romans bəstələmək niyyətində olduğunu bildirib.
“Təəssüf ki, bu yaradıcılıq ideyaları tam şəkildə həyata keçməyib. Görünür, dövrün gərgin hadisələri, eləcə də Üzeyir bəyin geniş ictimai fəaliyyəti onun yaradıcılıq planlarının gerçəkləşməsinə müəyyən mənada mane olub”, – deyə S.Təhmirazqızı qeyd edib.
Müəllif bildirib ki, “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabının ərsəyə gəlməsi də məhz bu mövzuya uzunmüddətli maraq və aparılan araşdırmalarla bağlıdır.
“Nizami Gəncəvi ilə Üzeyir Hacıbəylinin yaradıcılığı arasında paralellər apardıqda görürük ki, böyük şairin humanist ideyaları Üzeyir bəyin musiqisində öz bədii təcəssümünü tapır. Bu mövzuya müraciət etməyimin digər səbəblərindən biri də Üzeyir Hacıbəylinin “Nizami” kantatasıdır. Əsər Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə yazılıb və Üzeyir bəyin xor musiqisi sahəsində son əsərlərindən biridir. Uzun müddət kantata musiqişünaslar tərəfindən kifayət qədər tədqiq edilməmiş, hətta əsərin partiturası yaxın dövrədək mövcud olmamışdır”, – deyə o vurğulayıb.
S.Təhmirazqızının sözlərinə görə, kitabda Üzeyir Hacıbəyli ilə Nizami Gəncəvinin yaradıcılığı arasında paralellər aparılır, bəstəkarın Nizami irsindən bəhrələndiyi məqamlar, şairin ideya və düşüncələrinin Üzeyir Hacıbəyli musiqisində necə təcəssüm tapdığı araşdırılır. Eyni zamanda, Nizami poeziyasında musiqiyə münasibətə nəzər salınır, şairin əsərlərində musiqi ilə bağlı beyt və misralar təhlil edilir. Üzeyir Hacıbəylinin “Nizami” kantatası isə nəşrdə ayrıca tədqiqat obyekti kimi təqdim olunur.