Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH
Bakı, 23 sentyabr, AZƏRTAC
IV Bakı Təhlükəsizlik Forumu Azərbaycanın son illərdə formalaşdırdığı çoxvektorlu xarici siyasət və diplomatik fəallığın, xüsusilə beynəlxalq təhlükəsizlik sahəsində artan rolunun mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlmasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Nəzrin Əlizadə deyib.
O qeyd edib ki, “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunan forumda müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələri bir araya gəlib. Forum beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm platforma kimi çıxış edir. Bakı Təhlükəsizlik Forumunun gündəliyinin illər ərzində genişlənməsi də diqqət çəkir. Belə ki, 2025-ci ildə Forumun üçüncü iclasında terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti, eləcə də qlobal xarakterli təhdidlər müzakirə olunub. Həmin toplantıda Forumun hər il keçirilməsi, Təşkilat Komitəsinin və Katibliyin yaradılması istiqamətində mühüm addımlar atılıb. Bu isə platformanın tədricən institusional xarakter almasına zəmin yaradıb.
“IV Bakı Təhlükəsizlik Forumunun əhəmiyyəti isə yalnız müzakirə olunan məsələlərin aktuallığı ilə məhdudlaşmır. Müasir dövrdə terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kritik infrastrukturun qorunması və digər transsərhəd təhdidlər ayrı-ayrı dövlətlərin sərhədləri çərçivəsində həll edilə bilməyən problemlərə çevrilib. Bu baxımdan təhlükəsizlik və xüsusi xidmət orqanları arasında birbaşa əlaqələrin və məlumat mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyətlidir. Azərbaycanın belə bir platformaya ev sahibliyi etməsi ölkənin beynəlxalq təhlükəsizlik gündəliyində rolunun artması baxımından da diqqətəlayiqdir. Ənənəvi diplomatiya əsasən dövlət başçıları, hökumətlər və xarici siyasət qurumları arasında münasibətlər üzərində qurulsa da, müasir təhlükəsizlik çağırışları xüsusi xidmət və təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin daha da inkişaf etdirilməsini zəruri edir. Bakı Təhlükəsizlik Forumu bu baxımdan müxtəlif ölkələrin aidiyyəti qurumları arasında dialoq və təcrübə mübadiləsi üçün imkan yaradır”.
Azərbaycanın təhlükəsizlik diplomatiyasında yeni imkanlar formalaşır
Ekspert qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkənin diplomatik imkanlarının mühüm istiqamətlərindən biridir. Son illər Bakı müxtəlif siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik mövzularında çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Belə tədbirlər yalnız Azərbaycanın beynəlxalq nüfuzunu artırmır, eyni zamanda, müxtəlif dövlətlər və qurumlar arasında əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır. Bu baxımdan, Azərbaycanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Ölkənin Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşməsi, Avropa ilə Mərkəzi Asiya arasında enerji və nəqliyyat bağlantılarının kəsişməsində qərar tutması Azərbaycanın regional proseslərdə rolunu şərtləndirən əsas amillərdəndir. Bununla yanaşı, son illər bu coğrafi üstünlüklərin enerji və nəqliyyat layihələri ilə yanaşı, diplomatik və təhlükəsizlik sahələrində də imkanlara çevrildiyi müşahidə olunur.
O, Bakı Təhlükəsizlik Forumunun davamlı keçirilməsinin Azərbaycan təhlükəsizlik diplomatiyasında yeni imkanlar formalaşdırdığını diqqətə çatdırıb. “Forumun coğrafiyasının genişlənməsi, müzakirə olunan məsələlərin qlobal xarakter alması və təhlükəsizlik qurumları arasında birbaşa əməkdaşlığa diqqətin artırılması Bakı platformasının institusional əhəmiyyətini gücləndirən amillərdəndir. Bu proses Azərbaycanın beynəlxalq təhlükəsizlik gündəliyində rolunun enerji və nəqliyyat məsələləri ilə məhdudlaşmadığını, diplomatik dialoq və təhlükəsizlik əməkdaşlığı üçün də platforma təqdim etdiyini göstərir. Nəticədə Azərbaycanın strateji əhəmiyyəti yalnız əlverişli coğrafi mövqeyi ilə deyil, həmin mövqedən irəli gələn imkanları beynəlxalq əməkdaşlıq, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və diplomatik platformalar vasitəsilə reallaşdırmaq imkanları ilə də müəyyən olunur”, - deyə Nəzrin Əlizadə vurğulayıb.