Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur
Bakı, 23 sentyabr, AZƏRTAC
Çində “WorldSkills Shangai 2026” 48-ci beynəlxalq bacarıq yarışlarının açılış mərasimi keçirilib. Sentyabrın 26-dək davam edəcək yarışlarda 70 ölkədən 1400 iştirakçı qoşulub. Onlar 6 sektor üzrə 64 fərqli bacarıq üzrə yarışacaqlar. Azərbaycan bu yarışlarda 7 bacarıq üzrə təmsil olunur.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Açılış mərasimində Agentliyin direktoru, eyni zamanda, “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi olan İlqar Bayramlı rəhbərlik etdiyi “WorldSkills Azerbaijan” nümayəndə heyəti ilə birlikdə iştirak edib.
Mərasimdə “avtomobil texnologiyaları” bacarığı üzrə “WorldSkills Azerbaijan” komandasının eksperti Elvar Baxşıyev “WorldSkills Azerbaijan” platforması adından “WorldSkills” qaydalarına riayət ediləcəyinə dair and içib.
Dörd gün davam edəcək beynəlxalq yarışlarda “WorldSkills Azerbaijan” komandasının üzvləri - Cahid Güləhmədov “qaynaq”, Çərkəz Vəliyev “avtomobil texnologiyaları”, Elsevər Yaqublu “dəmiryol nəqliyyatı texnologiyaları”, Orxan Mustafayev “elektronika”, Emil Hüseynov “veb-texnologiyaları”, Cavid Məmmədov “aşpazlıq”, Əli Məhərrəmli və Yusif Kazımlı isə “kibertəhlükəsizlik” bacarığı üzrə yarışacaqlar.
“WorldSkills Shanghai 2026” yarışında 8 yarışçı və 7 eskpert ilə təmsil olunan “WorldSkills Azerbaijan” komandasının üzvləri 2025–2026-cı illərdə keçirilmiş “WS Azerbaijan” milli yarışlarının qalibləri arasından seçilib və beynəlxalq müsabiqəyə hazırlıq təlimləri keçiblər. Onlar beynəlxalq arenada müxtəlif peşə istiqamətləri üzrə öz texniki bacarıq və səriştələrini nümayiş etdirəcəklər.
Xatırladaq ki, Azərbaycan Respublikası dünyada “bacarıq/peşələrin olimpiadası” kimi tanınan “WorldSkills International” təşkilatına 2020-ci ildə 85-ci həqiqi üzv olaraq qəbul edilib.
2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb.