Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarına, kitabxanaların rəqəmsal transformasiyasına, rəqəmsal resursların uşaq və yeniyetmələrin mütaliəsinə təsirinə, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanlara həsr olunacaq. Konfrans çərçivəsində uşaq ədəbiyyatı, mütaliə mədəniyyəti, kitabxanaların fəaliyyəti, rəqəmsal resurslar və süni intellektin tətbiq imkanları ilə bağlı elmi və praktikyönümlü məruzələrin təqdim edilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar, mütəxəssislər, kitabxanaçılar, pedaqoqlar, ali təhsil müəssisələrinin əməkdaşları və tələbə-gənclər tezislərini müəyyən edilmiş tələblərə uyğun olaraq oktyabrın 16-dək təqdim edə bilərlər. Qəbul edilmiş tezislərin konfrans materialları toplusunda dərc olunması nəzərdə tutulur.
Tezislərin hazırlanması və təqdim edilməsi ilə bağlı tələblər, eləcə də konfrans haqqında ətraflı məlumatla link vasitəsilə tanış olmaq mümkündür.