BMU tələbəsi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin kompüter elmləri ixtisasının II kurs tələbəsi Zərif Salehzadənin təqdim etdiyi “AI Youth Camp” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində qalib olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, süni intellekt sahəsində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn layihənin əsas məqsədi iştirakçıların innovativ düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının gücləndirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində yeni bilik və təcrübə qazanmalarına şərait yaratmaqdır.
Layihə çərçivəsində iştirakçılar real problemləri müəyyənləşdirərək onların həlli üçün süni intellekt əsaslı innovativ həllər hazırlayacaqlar. Əyani düşərgə formatında keçiriləcək proqram çərçivəsində mini-hakatonun təşkili də nəzərdə tutulur.
Hakaton zamanı iştirakçılar hazırladıqları layihələri, ideyaları və texnoloji həlləri təqdim edəcəklər.
Qeyd edək ki, “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” gənclərin cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviq olunması, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirilir.
Müsabiqə çərçivəsində gənclərin yaradıcılıq və təşəbbüskarlıq imkanlarının genişləndirilməsi, yeni ideyaların reallaşdırılmasına və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur.