ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramının Katibliyi ADPU-nun struktur rəhbərləri üçün peşəkar inkişaf təlimi təşkil edib. Təlimin davamı olaraq Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin Kommunikasiya direktoru Turan Vaters ADPU-nun struktur rəhbərləri və mediaya məsul şəxslər üçün strateji kommunikasiya mövzusunda görüş keçirib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində strateji kommunikasiyanın müasir ali təhsil müəssisələrinin fəaliyyətində rolu, institusional kommunikasiya strategiyasının formalaşdırılması, müxtəlif auditoriyalarla effektiv kommunikasiya, media ilə əlaqələrin düzgün qurulması və kommunikasiya fəaliyyətinin vahid institusional yanaşma əsasında təşkili məsələləri diqqət mərkəzində olub.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçılara kommunikasiya proseslərinin planlaşdırılması, əsas mesajların müəyyənləşdirilməsi, media ilə münasibətlərin idarə olunması, institusional reputasiyanın qorunması və böhran vəziyyətlərində kommunikasiya yanaşmaları ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan məlumatlar təqdim edilib. Eyni zamanda, ali təhsil müəssisələrində kommunikasiya fəaliyyətinin daha səmərəli təşkili və struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi istiqamətində praktiki nümunələr üzərində fikir mübadiləsi aparılıb.
Təlim qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və strateji kommunikasiyanın ADPU-nun institusional inkişaf prosesində daha effektiv tətbiqi ilə bağlı müzakirələr aparılıb.