Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir
Bakı, 23 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəylinin əsərləri, o cümlədən opera və operettaları bu gün dünyanın müxtəlif ölkələrinin səhnələrində səslənir. Bu yaxınlarda Vyetnamda səfərdə olarkən Vyetnam Opera Teatrında “Arşın mal alan” operettasının yerli dildə səhnələşdirilməsinin şahidi oldum. Bu, bizim üçün böyük qürurdur. Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətinin böyük şəxsiyyəti, onun zəngin yaradıcılığı isə milli musiqimizin əvəzsiz xəzinəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, opera müğənnisi Fidan Hacıyeva deyib.
Onun sözlərinə görə, “Arşın mal alan” operettası 70-dən çox ölkədə müxtəlif dillərdə səhnələşdirilib və böyük maraqla qarşılanıb.
“Konsert proqramlarımda Üzeyir Hacıbəylinin əsərlərinə daim yer verirəm. Dünyanın hansı ölkəsində çıxış etməyimdən asılı olmayaraq, onun əsərlərini ifa etməyə çalışıram. Eyni zamanda, tələbələrimin repertuarına da dahi bəstəkarın əsərlərini daxil edirəm”, – deyə Xalq artisti bildirib.
Gənc vokalçıların Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etməsinin və onun ifaçılıq ənənələrinin qorunmasının əhəmiyyətindən danışan Fidan Hacıyeva qeyd edib ki, bu zəngin irsin gənc nəslə ötürülməsi xüsusi önəm daşıyır: “Üzeyir Hacıbəylinin əsərlərini uşaqlara kiçik yaşlarından sevdirmək, onları bu musiqi ilə tanış etmək və öyrətmək lazımdır. Çünki bu, bizim milli-mədəni irsimizdir. Biz bu irsi gənc yaşlardan təbliğ etməli, onun dəyərini yeni nəslə aşılamalıyıq”.