“Çinin düyü mədəniyyəti” - seminar
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda “Çin mədəniyyətində düyü” mövzusunda seminar təşkil olunub.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminar BMT-nin Dünya Düyü Gününə həsr olunub.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətində düyünün tanrıların bir hədiyyəsi, həyat, sərvət və bolluq rəmzi hesab edildiyini söyləyib və Çində düyü becərilməsinin tarixindən danışıb. Direktor qeyd edib ki, Çində 7000 ildən çox tarixi olan düyü becərilməsi ölkənin ərzaq təminatında və bölgələrin özünəməxsus həyat tərzinin formalaşmasında mühüm rol oynayıb. Qərbi Çjou sülaləsi dövründə Çin aristokratiyasının əsas qidası olmuş düyüdən Sin sülaləsi dövründə artıq şərab və ənənəvi bayram təamlarının hazırlanmasında, həmçinin tanrılara qurbanların təqdim olunmasında istifadə edilib. Bu gün Çin dünyanın ən böyük düyü istehsalçılarından və istehlakçılarından biridir.
Seminarda çıxış edən ADU tələbələri düyüləri dəyirmi çuqun qazanlarda bişirmək, doqquz dəfə yaxalamaq və lazımi miqdarda suyun “baş barmaq” ilə təyin etmək ənənələrini təsvir ediblər.