“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsi üzrə təlimlərin ilkin mərhələsi başa çatıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, STEAM İnnovasiya Mərkəzində keçirilmiş təlimlərə 23 məktəbi təmsil edən 43 nəfərdən ibarət pedaqoji heyət cəlb olunub. Təlimlər zamanı müəllimlər süni intellekt dövründə tədris, oyunlaşdırma və layihəəsaslı öyrənmə metodları üzrə nəzəri və praktiki biliklər əldə edib, bu yanaşmaların tədris prosesində tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Sessiyalarda səriştələrin qiymətləndirilməsi və problemlərin innovativ həlli mövzuları da müzakirə olunub. İştirakçılar komanda şəklində müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib, “Makey Makey” avadanlıq dəsti və “Scratch” proqramı ilə tanış olublar.
“İnnovativ məktəb” layihəsi çərçivəsində təlimlərin növbəti mərhələsinin oktyabr-noyabr aylarında İsraildə keçirilməsi nəzərdə tutulur.