Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər
Bakı, 23 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında imzalanmış üçillik anlaşma memorandumu Azərbaycanda süni intellekt texnologiyalarının təhsil prosesinə daha geniş tətbiqinə, müəllim və şagirdlərin bu imkanlardan faydalanmasına şərait yaradacaq. Əməkdaşlıq çərçivəsində süni intellektəsaslı tədris alətlərinin hazırlanması, təhsil işçilərinin yeni texnologiyalardan səmərəli istifadəsi üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların formalaşdırılması nəzərdə tutulur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında artıq ikinci anlaşma memorandumunun imzalanması Azərbaycan təhsilinin inkişafı baxımından mühüm addımlardandır. Yeni əməkdaşlıq həm təhsilverənlərin, həm də təhsilalanların ümumi tədris prosesində süni intellekt texnologiyalarından istifadəsinə əlçatanlığın artırılmasına imkan verə bilər.
Süni intellekt texnologiyaları sürətlə inkişaf edir və hazırda dünyanın müxtəlif ölkələrində onların tədris prosesinə inteqrasiyası istiqamətində müxtəlif yanaşmalar tətbiq olunur. Süni intellektin müəllimin fəaliyyətini əvəz edən deyil, ona dəstək göstərən vasitə kimi tətbiqi xüsusilə əhəmiyyətlidir.
“Süni intellekt alətlərindən müəllimlərin dərsə hazırlıq prosesində, tədris planlarının və materiallarının hazırlanmasında, qiymətləndirmə və yoxlama işlərinin təşkilində köməkçi vasitə kimi istifadə edilməsi müəllimlərin iş yükünün müəyyən qədər optimallaşdırılmasına imkan yarada bilər. Bu baxımdan yeni texnologiyaların təhsil sisteminə inteqrasiyası müəllimlərin inzibati və hazırlıq işlərinə sərf etdiyi vaxtın daha səmərəli bölüşdürülməsinə, şagirdlərlə birbaşa tədris fəaliyyətinə daha çox diqqət ayırmasına şərait yarada bilər. Süni intellektin imkanlarından yalnız müəllimlər deyil, şagirdlər də faydalana bilərlər. Şagirdlər dərs zamanı anlamadıqları mövzuların izahını almaq, müəyyən çalışmaların həlli istiqamətində əlavə məlumat əldə etmək və mövzunu daha yaxşı mənimsəmək üçün bu texnologiyalardan istifadə edə bilərlər. Süni intellektdən təhsil məqsədləri üçün istifadə zamanı onun yaratdığı imkanlarla yanaşı, müəyyən risklər də nəzərə alınmalıdır. Süni intellekt təhsil prosesində müəllimi və şagirdi əvəz edən deyil, onların imkanlarını genişləndirən köməkçi vasitə kimi tətbiq olunmalıdır. Xüsusilə məktəblilərin süni intellekt alətlərindən istifadəsinə valideyn və müəllim nəzarətinin təmin edilməsi vacibdir. Texnologiyadan həddindən artıq və nəzarətsiz istifadə şagirdlərin müstəqil düşünmə, oxuyub-anlama və öyrənmə bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər. Bu texnologiyalardan məqsədyönlü, zəruri və məsuliyyətli şəkildə istifadə edilməsi həm müəllimlərin fəaliyyətinin səmərəliliyinə, həm də şagirdlərin öyrənmə imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər”, - deyə ekspert əlavə edib.