Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?
Bakı, 23 sentyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XVII–XVIII əsrin əvvəllərinə aid nadir bədii tərtibatlı qalxan mühafizə olunur. Diametri 75 santimetr olan bu iriölçülü müdafiə vasitəsi zəngin dekorativ işlənməsi ilə seçilir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Qalxanın mərkəzi hissəsi qabarıq formada işlənib. Kompozisiyanın əsas elementini mərkəzi umbon təşkil edir. Onu əhatə edən daha kiçik umbonlar isə radial şəkildə yerləşdirilib. Qalxanın arxa tərəfinin konstruktiv quruluşunun təhlili göstərir ki, mərkəzi umbon insan sifətli günəş təsviri formasında ayrıca hazırlanaraq metal səthə qaynaq yolu ilə bərkidilib. Kiçik umbonların hər biri ayrıca hazırlanıb və qalxanın daxili tərəfində halqaların millərlə birləşmə nöqtələrini örtmək məqsədi daşıyıb. Onların səthi də insan sifətində günəş təsviri ilə bəzədilib.
Mərkəzi umbondan 28 şüa radial istiqamətdə yayılır. Umbonların və şüaların səthi qızıl suyuna çəkilmiş dekorativ naxışlarla işlənib. Qalxanın əsas səthi incə oyma texnikası ilə işlənmiş nəbati ornamentlərlə bəzədilib, budaq və yarpaq motivləri qızıl suyuna çəkilmiş detallar vasitəsilə vurğulanıb. Dekorativ kompozisiya ərəb qrafikası ilə işlənmiş yazılı haşiyə ilə tamamlanır.
Qalxanın kənarı boyunca dairəvi şəkildə əyilmiş latun lövhə bərkidilib. Əşyanın iri ölçüləri, mürəkkəb konstruktiv quruluşu və zəngin bədii tərtibatı onun sırf döyüş məqsədli silah kimi deyil, mərasim və nümayiş funksiyası daşıyan əşya olduğunu ehtimal etməyə əsas verir. Bu baxımdan qalxanın saray mühitində interyerin dekorativ elementi kimi istifadə edilməsi mümkündür.
Qalxanın mərkəzi umbonunda təsvir olunan insan sifətli günəş obrazı Milli Azərbaycan Tarixi Muzeyinin vizual identikliyində xüsusi yer tutur və muzeyin loqotipinin əsas elementlərindən biri kimi istifadə olunur.