Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Sığorta Fondunun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, bank sektorunun nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi alətlərindən yararlanma imkanları, subsidiyalaşdırma mexanizmləri, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı fəaliyyəti üçün maliyyə resurslarına çıxış və güzəştli kredit imkanları müzakirə olunub.
Bununla yanaşı, su təminatı və meliorasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və dövriyyəsi zamanı qida təhlükəsizliyi tələbləri, məhsulların sertifikatlaşdırılması prosedurları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Dövlət Proqramında aqrar sahə üzrə nəzərdə tutulan tədbirlər, dövlət dəstəyi mexanizmləri, bu istiqamətdə fermer və sahibkarlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklif və təşəbbüsləri dinlənilib.
Sonda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.